Qobustan şrifti / Gobustan typeface

Yaradıcı insanların bir xüsusiyyəti də yəqin ondan ibarətdir ki, yaşadıqları yerin maraqlı məqamlarını daha da qabarıq formada öz yaradıcılıqlarında göstərməyə, insanlara bir başqa baxış bucağından təqdim etməyə çalışırlar.
Elə bu səbəbdən mən də növbəti eksperimenti Azərbaycanda yerləşən qədim Qobustan yaşayış məskənindəki qayaüstü rəsmlərə həsr etdim. Bu təsvirlər öz dövrünə görə bir yenilik olub və tarixin müəyyən kəsiyində növbəti nəsillər üçün indikindən kimi vacib informasiya daşıyıb.

Qobustan dövlət tarixi-bədii qoruğu – Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir.

Sahəsi 4000 hektardan artıq olan bu qoruğun əsas eksponatları Böyükdaş, Kiçikdaş, Yazılıtəpə, Şanqardağ, Şıxqaya və Çınqırdağ adlanan ərazilərindədir. Tədqiqatçı alimlər qoruq ərazisində 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar etmiş və öyrənmişlər. Bunlardan 4400-ə yaxını qayaüstü rəsmlər -petroqliflordir.

Həm azərbaycanlı alimlər, həm də xarici tədqiqatçılar belə bir qənaətə gəlmişlər ki, Qobustan petroqliflərinin ən qədim hissəsi bəşəriyyətin inkişafının ilkin çağlarında yaranmışdır. Bu təsvirlər öz sadəliyinə və primitivliyinə baxmayaraq, ibtidai insanın özünü ifadə formasının ən təkmil nümayişi kimi olduqca qiymətlidir. Bu petroqliflor həm də informativ həyat mənzərəsidir.

Ömrünün yarıdan çoxunu dünyadakı bənzər təsvirlərin tədqiqinə həsr etmiş məşhur norveçli alim və səyyah Tur Heyerdal Qobustan qayaları qarşısında heyrətini gizlədə bilməmişdi. Həyatı boyunca dünya sivilizasiyasının başlanğıc nöqtəsini axtaran səyyah 1981-ci ildə burada bir sıra tədqiqat işləri aparmış, abidə haqqında maraqlı fikirlər söyləmişdi. O, qayalar üzərindəki Günəş təsvirli gəmiləri görərkən sonsuz heyranlıqla demişdi: “Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, dəqiq tarixi indiyə qədər məlum olmayan mədəniyyət incisidir”. O, “Odinin axtarışı ilə” adlı son kitabında vikinqlərin koklərinin Azərbaycanda axtarılmasına işarə edirdi. Tur Heyerdala görə, bir  sıra   çağdaş   Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə Qobustan ərazisində yaşamış, lakin sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getmiş ola bilərdi. Məşhur alim Qobustandakı qayaüstü rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda da olduğunu söyləmişdir.

1981-1994-cü illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər təşkil edən Tur Heyerdal Xəzər sahillərini böyük bir sivilizasiyanın beşiyi adlandırmışdır. Heyerdal öz ehtimallarını təkcə Qobustandakı qamış qayıq təsvirlərinin əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk edilmiş apaloqları ilə üst-üstə düşməsilə deyil, həmçinin orta əsrlərdə yazılmış saqalarda (norman dastanlarında) xatırlanması ilə sübuta yetirə bilmişdir. Qobustan qayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki Günəş təsvirləri qədim Azərbaycanın insan məskənlər ilə mədəni irsə aid olan oxşar təsvirlərlə əks olunan Mesopotamiyanın Şumer-Akkad sivilizasiyaları arasındakı əlaqələrin əyani sübutudur.

About Gobustan National Park

Şrifti yüklə / Download font