Köhnə şəhər

Əgər şəhər əvvəlki kimi qalsaydı bu gözəl havalarda damlarda məskən salardıq və ya döşənmiş külafələngilər bizə yar olardı. Havanın soyuqunda qalxan bacaların tüstüsü, hardasa aşağıda bişən xörəyin xəfif qoxusu və də evlərin pəncərəsinin işıqlarından süzülən muğamın sədaları. Bəlkə bir yerdən gələn nərdtaxta səsi, bəlkə aşağılarda bir yerdə çarhovüzə tökülən suyun səsi, əl-əlxüsus yarpaqlardan axan küləklərin səsi.

Heyf ki, şəhərin üfüqü formasız binalarla pozulub. Elə üfüqlə birgə səslər də pozulub. İndi bir səs çox şiddət və qəzəbli gəlir. Və də heç bir vəchlə şəhərin memarlığına uymayan bu qotur binalara məcbur qalmışıq.

Mən xatırlayıram uşaq vaxtı dama çıxıb çox uzaqlara baxardıq, dənizi görərdik, indi isə teleqüllənin kəlləsini ancaq görürsən. Gəl ki, indi nə baxıb zövq almağa mənzərə, nə də üzünü qülləyə tutub sazlamağa antennamız qalıb.

Və bir də o zamanları xatirə gətirərkən xəyalimizdən keçən şairin misraları ilə xülasə etsək — “Dostları həsrətlə qucaqlamağı unutma, Uşaqları sevməyi, çiçək qoxlamağı unutma, Ən çətin anındaykən davanın, Göy üzünə baxmağı unutma.”

Share Post :

More Posts