Son dövrlərə ithaf olunur — musiqi ilə oxumaq məsləhətdir. https://youtu.be/OmemD7eZv9Y

Müasir zaman gözlərimdə donuq bir mədəniyyət növünə çevrilir — popkorn üçün filmlər, fon üçün musiqilər, vaxtı öldürmək üçün kitablar. Boş danışıqlar fikir mübadiləsini əvəzləyib, sağlam yeməyi də doymaq üçün yeyilən yeməyə dəyişmişik, münasibətlər isə sadəcə seksual tələbatları təmin etmək üçün mövcudluğunu davam etdirir…

Qəliz hisslər günü-gündən yazıqlıqdan qıcıqlandırmağa qədər artır. Müşahidə edirəm ki, necə yazıçılar kopirayterlərə, kino incəsənəti — kino biznesinə çevrilir. Rəssamların gözləri dünyanın gizli gözəlləyini görməyə imkan vermir. İndiki zamanda kim kütlə şüuru ilə alver edə bilirsə o da məharətlidir.

Biz nəhayət ki, oxumağı öyrəndik və əslində gələcəyə addım atmalı idik, amma təəssüf ki, ayırd etməyi bacarmırıq — məhz buna görə də Samuel Bekket deyil, Paulo Koelyo bestsellerlərə düşür. Biz indi anlayırıq ki, Mone və Mane iki fərqli rəssamdır, lakin çoxları heç onların möhtəşəm əsərlərini görməyib. Amma düşünürəm bir çoxları Rəqsanəni və Üzeyir Mehdizadəni yaxşı tanıyır.

Hər tərəfdə şəxsiyyətin depersonalizasiyası gedir. Kütlə mədəniyyəti günü-gündən daha dəqiq alətlərlə cəmiyyəti idarə etmə yolunu təyin edir və kütləviliyin basıb keçdiyi yerdə fərdilik anlayışı məhv olur.

Mədəniyyətdəki aristokratizm müasir cəmiyyətin problemli hissəsinə çevrilib. Sadəcə çox dar bir qism həqiqətən görə, eşidə, hiss və analiz edə bilir. Digərləri — zibil də olsa qəşəng qutuda bağla ver sevinəcəklər, yenə istəyəcəklər və yenə sevinəcəklər! Arada fikirləşirsən ki, bəs özüm bu şeylərə necə batmayım, necə başdan ayağa ləkələnməyim.

Yüksək sənət dövrü geridə qalıb və kütlə mədəniyyətinin bizi hara aparacağı naməlumdur. Qəribə zəmanlar yaşayırıq… Biz inkişaf edirik, təkamül edirik, daxildə isə özümüzü itiririk. Deyirlər ki, əgər bir əşyanı bir il ərzində istifadə etməmisizsə və əgər lazım deyilsə tullayın getsin. İnsanlar deyəsən bu nümunədən irəli gələrək ruhlarını atıblar, reflekslərini itirib və özünüdərkdən imtina ediblər. Endi elə bir zəmanəyə çatmışıq ki, bir növ beyin yuyulması üçün növbə yaranıb…

İnsanlar öz simalarından məhrum olurlar. Özünə istiqamət götürməkdənsə bunun əksinə şahid oluram. İdollara qibtə edib öz şəxsi fikrimizin olmasından qorxuruq. Xilas olmaq mümkün olmayan yeni asılılıq yaranır. Və belə görünür ki, hələ uzun müddət gözləmək lazım olacaq…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *